Balans Audit





Xəbərlər

Qanunvericilik

Faydalı

Sual-cavab

Əlaqələr




EnglishRussian    Bizim haqda    Tarix    Xidmətlər  

Azərbaycan Respublikasının Nazirlər Kabineti Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə Qərar 4

Bakı şəhəri, 4 yanvar 2001-ci il

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını tə`min etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir

Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı

1. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:

1.1. Azərbaycan Respublikasının Milli qəhrəmanları: Azərbaycan Respublikası Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları: Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər: Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə;

1.4. I və II qrup müharibə əlilləri; I və II qrup müharibə əlilinin vəsiqəsi; hərbi komissarlığın vəsiqəsi; rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

1.5. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri): hərbi komissarlığın vəsiqəsi; rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər: orden və medallarla təltif olunma haqqında vəsiqələr;

1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər: müharibə veteranı vəsiqəsi; hərbi komissarlığın arayışı; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi tə`yinatlı atom obyektlərində, digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, tə`limlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər: tibbi-sosial ekspert komissiyasının rə`yi və ya arayışı; hərbi komissarlığın, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları;

1.9. I və II qrup əlillər (müharibə əlillərindən başqa): rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı; tibbi-sosial ekspert komissiyasının rə`yi və ya arayışı;

1.10. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri): rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı; hərbi komissarlığın, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları;

1.11. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri): rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı; hərbi komissarlığın, hərbi hissənin arayışları; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.12. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və tə`lim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər: hərbi komissarlığın arayışı; hərbi hissənin, hərbi-tədris müəssisəsinin arayışları; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.13. daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum; himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı; ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı; uşağın doğulması haqqında şəhadətnamənin surəti; birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları; rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

1.14. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqın və ya məcburi köçkün statusu haqqında vəsiqəsi;

1.15. himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir: Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı; Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları.

2. Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.




Xəbərlər ] Qanunvericilik ] Faydalı ] Sual-cavab ] Əlaqələr ]





Home

© Balans Audit