Balans Audit





Xəbərlər

Qanunvericilik

Faydalı

Sual-cavab

Əlaqələr




EnglishRussian    Bizim haqda    Tarix    Xidmətlər  

Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını tə`min etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları nın 4.2.-ci bəndinin 4.2.3.-cü yarımbəndi 2001-ci il mayın 1-dən qüvvəyə minir.

3. Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları nın 4.2.-ci bəndinin 4.2.3.-cü yarımbəndinin qüvvəyə minməsi tarixinədək pivə məhsullarına alkoqollu içkilər aksiz markaları tətbiq edilsin.

4. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

Bakı şəhəri, 8 yanvar 2001-ci il

Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları

1. Ümumi müddəalar

Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aksiz markaları ilə markalanmalı olan malları və həmin mallara aksiz markalarının tətbiqi qaydalarını müəyyən edir.

2. Aksiz markaları ilə markalanmalı olan mallar

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aşağıda göstərilən mallar (qablaşdırılmamış halda istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır:

2.1.1. içməli spirt;

2.1.2. spirtli içkilərin bütün növləri;

2.1.3. pivə;

2.1.4. tütün mə`mulatları.

3. Aksiz markalarına olan ümumi tələblər

3.1. Markalanmalı olan mallara tətbiq olunan aksiz markalarının üzərində aşağıda göstərilənlər əks olunmalıdır:

3.1.1. Azərbaycan Respublikasının simvolları;

3.1.2. seriya;

3.1.3. sıra nömrəsi;

3.1.4. tə`yinatı ( daxili istehsal , idxal və yaxud müsadirə );

3.1.5. növü ( etil (yeyinti) spirti , alkoqollu içkilər , pivə , tütün məmulatı ).

3.2. Eyni seriyaya malik olan aksiz markalarının sıra nömrələri təkrarlanmamalı, daxili istehsal , idxal və müsadirə üçün nəzərdə tutulmuş aksiz markalarının rəngləri bir-birindən fərqlənməlidir.

4. Aksiz markalarının tətbiq edilməsi

4.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən, həmçinin müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı olan mallara (bundan sonra - markalanmalı mallar) aksiz markaları bu Qaydalarda göstərildiyi kimi tətbiq olunmalıdır.

4.2. Bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı malların növündən asılı olaraq, aşağıda göstərilən aksiz markaları tətbiq edilir:

4.2.1. içməli spirtə - etil (yeyinti) spirti aksiz markası;

4.2.2. spirtli içkilərin bütün növlərinə - alkoqollu içkilər aksiz markası;

4.2.3. pivəyə - pivə aksiz markası;

4.2.4. tütün mə`mulatlarına - tütün mə`mulatı aksiz markası.

4.3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı mallara tətbiq edilən aksiz markaları bu malların istehsal olunduğu yerdə onların istehsalçıları tərəfindən yapışdırılır.

4.4. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz markaları, həmin malların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənar onların satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyekt tərəfindən yapışdırılır.

4.5. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara tətbiq edilən aksiz markalarının ölkə ərazisindən çıxarılması və geri qaytarılması gömrük orqanları tərəfindən rəsmiləşdirilir. Gömrük yığımlarının tətbiqi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

4.6. Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivəyə tətbiq olunan aksiz markaları Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrində həmin malı idxal edən şəxs tərəfindən gömrük orqanlarının əməkdaşlarının nəzarəti altında yapışdırılır.

4.7. Aksiz markaları markalanmalı malların şəffaf sellofan örtüyünün (istehsalda nəzərdə tutulubsa) altında (müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş markalanmalı mallar istisna olmaqla) yapışdırılır. Məhsul istifadə üçün açıldıqda, həmin markalar təkrar istifadə üçün yararsız hala düşməlidir.

4.8. Aksiz markaları malın üzərinə yapışdırılarkən rekvizitləri aydın görünməli, əzilməsinə yol verilməməli və onların gələcəkdə malın üzərindən zədələnmədən ayırılması ehtimalı mümkün olmamalıdır.

4.9. Aksiz markası spirtli içkilərin, içməli spirtin və pivənin qablarının boğazlığına onun mərkəz hissəsi qapağın mərkəz hissəsi ilə üst-üstə düşmək şərti ilə məhsulun qabına yapışdırılmalıdır.

4.10. Tütün mə`mulatının qutusundan asılı olaraq aksiz markası aşağıda göstərilən şəkildə yapışdırılmalıdır:

4.10.1. tütün mə`mulatının qutusu bərk olduqda, aksiz markası onun arxa tərəfinə yapışdırılmalı və qapağın bir hissəsini yan tərəfindən əhatə etməlidir:

4.10.2. tütün məmulatının qutusu yumşaq olduqda, aksiz markası onun üst tərəfinin mərkəz hissəsinə və hər iki tərəfin hissələrinə yapışdırılmalıdır.

5. Məsuliyyət

5.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən markalanmalı məhsulların aksiz markaları ilə markalanmamasına görə məsuliyyəti müvafiq olaraq daxili istehsalçılar və idxalçılar, həmin məhsulların aksiz markası olmadan satışına görə isə onları satan şəxslər daşıyırlar.

5.2. Aksiz markalarını digər şəxslərə ötürən, qanunsuz əldə edən və onları istifadə edən, saxtalaşdıran, saxta aksiz markalarını istifadə edən və bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6. Nəzarət Bu Qaydaların icrasına nəzarəti öz aidiyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.




Xəbərlər ] Qanunvericilik ] Faydalı ] Sual-cavab ] Əlaqələr ]





Home

© Balans Audit