Balans Audit





Xəbərlər

Qanunvericilik

Faydalı

Sual-cavab

Əlaqələr




EnglishRussian    Bizim haqda    Tarix    Xidmətlər  

Binalar üzrə əmlak vergisinin hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Binalar üzrə əmlak vergisinin hesablanması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

Bakı şəhəri, 23 fevral 2001-ci il

Binalar üzrə əmlak vergisinin hesablanması qaydaları

Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin mülkiyyətində olan tikililər və ya onların hissələri (bundan sonra-binalar) üzrə əmlak vergisinin hesablanması qaydalarını tənzimləyir.

1. Vergitutma obyekti və dərəcələri 1.1. Fiziki şəxslərin əmlak vergisinə cəlb edilməsi məqsədləri üçün binaları dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür.

1.2. Azərbaycan Respublikasının ərazisində rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların, yaxud onların hissələrinin dəyəri əmlak vergisinə cəlb olunur.

1.3. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

1.4. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi binaların hər il yanvarın 1-i vəziyyətinə müəyyənləşdirilən inventar dəyərin-dən, bu dəyər aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 mislinədək olduqda vergi tutulmur, 300 mislindən çox olan məbləğdən isə 0,1 faizlə tutulur.

2. Verginin hesablanması qaydaları

2.1. Fiziki şəxslərin binalarının inventar dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması qaydasının təsdiq edilməsi haqqında qərarı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq müəyyənləşdirilir.

2.2. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün binanın inventar dəyərindəki payına uyğun olaraq hesablanır.

2.3. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları fiziki şəxslərin binalarına əmlak vergisinin hesablanması məqsədilə hər il yanvarın 1-i vəziyyətinə binaların inventar dəyəri barədə müvafiq bələdiyyələrə mə`lumat verirlər. Fiziki şəxsin xüsusi mülkiyyətində müxtəlif bələdiyyələrin ərazisində yerləşən binaları olduqda, daşınmaz əmlakın dövlət reyestrini aparan orqan bələdiyyələrin müraciətinə əsasən hər bir bələdiyyəyə fiziki şəxsin binaları barədə mə`lumat verə bilər.

2.4. Bələdiyyələr verginin ödənilməsi barədə tə`diyə bildirişini vergi ödəyicilərinə iyunun 1-dən gec olmayaraq verməlidirlər.

2.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi binanın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtında binanın sahibi tərəfindən ödənilir.

2.6. Vərəsəlik üzrə keçən binalara görə vergi vərəsəliyin açıldığı vaxtdan başlayaraq vərəsələrdən tutulur.

2.7. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,5 misli qədər azaldılır.

3. Məsuliyyət 3.1. Əmlak vergisi vaxtında ödənilmədikdə, vergi ödəyiciləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

3.2. Bələdiyyələrin müvafiq orqanları formalaşanadək fiziki şəxslərin mülkiyyətində olan binalara görə əmlak vergisinin yığılması və yerli büdcələrə köçürülməsi, bələdiyyələrin müraciəti əsasında bağlanılan müqavilə ilə dövlət vergi orqanları tərəfindən həyata keçirilir.




Xəbərlər ] Qanunvericilik ] Faydalı ] Sual-cavab ] Əlaqələr ]





Home

© Balans Audit