Vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması
Qaydalarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli
393 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması Qaydaları
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə tapşırılsın ki, mütəmadi
olaraq müddəti uzadılan vergi öhdəliklərinin
məbləği barədə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
məlumat versin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
Bakı şəhəri, 23 fevral 2001-ci il
Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması Qaydaları
Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin
85.9-cu maddəsinə uyğun olaraq hazırlanmış
və vergi öhdəliklərinin yerinə
yetirilməsi müddətinin uzadılması
qaydalarını tənzimləyir.
1. Ümumi müddəalar
1.1. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması-vergi (vergilər)
üzrə müəyyən olunmuş ödəmə
müddətinin dəyişdirilməsidir.
1.2. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması mövcud olan
öhdəliyi ləğv etmir və yeni vergi
öhdəliyi yaratmır.
2. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması şərtləri
və qaydaları
2.1. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddəti Azərbaycan Respublikasının
Vergilər Nazirliyi (bundan sonra - vergi orqanı)
tərəfindən Azərbaycan Respublikası
Vergi Məcəlləsinin və bu Qaydaların
tələblərinə riayət edilməklə
uzadılır.
2.2. Vergi ödəyicisi barəsində vergi
qanunvericiliyinin pozulması ilə əlaqədar
cinayət işi qaldırıldıqda vergi
öhdəliyinin yerinə yetirilməsi müddətinin
uzadılmasına yol verilmir.
2.3. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin Azərbaycan Respublikasının
Vergi Məcəlləsi ilə müəyyən
edilmiş müddətdən daha gec müddətə
dəyişdirilməsinə aşağıdakı
hallarda yol verilir:
2.3.1. təbii fəlakət və digər
qarşısıalınmaz qüvvə nəticəsində
vergi ödəyicisinə zərər dəydikdə.
Bu halda vergi ödəyicisi tərəfindən
aşağıdakı sənədlər təqdim
edilməlidir: vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması
barədə əsaslandırılmış
müraciət; hadisənin baş verməsi
barədə müvafiq orqanın arayışı;
baş vermiş hadisə nəticəsində
dəymiş zərərin məbləği
barədə müvafiq orqanın arayışı.
2.3.2. vergini birdəfəyə ödədiyi
təqdirdə vergi ödəyicisinin iflasa uğramaq
təhlükəsi olduqda. Bu halda vergi ödəyicisi
tərəfindən aşağıdakı
sənədlər təqdim edilməlidir: vergi
öhdəliyinin yerinə yetirilməsi müddətinin
uzadılması barədə əsaslandırılmış
müraciət; müraciət edilmə tarixinə
vergi ödəyicisinin kassasında, hesablaşma,
valyuta, depozit və digər hesablarında vəsaitlərin
qalığı barədə müvafiq orqanların
arayışı; debitorların və kreditorların
adı və VÖEN-i göstərilməklə
debitor və kreditor borcları barədə
arayış.
2.4. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması üçün
vergi ödəyicisi müvafiq girovun və ya
zəmanətin olduğunu təsdiq edən
sənədləri vergi orqanına təqdim
etməlidir. Müraciət vergi növü
(növləri) üzrə onların müvafiq
hesabat dövrü üçün qanunvericiliklə
müəyyən edilmiş ödəmə
müddətinədək təqdim olunmalıdır.
2.5. Bu Qaydaların 2.3-cü bəndində
nəzərdə tutulmuş əsaslar olduqda
vergi öhdəliyinin yerinə yetirilməsi
müddəti vergi ili ərzində 1 aydan 9
ayadək uza-dıla bilər; Təbii fəlakət
və digər qarşısıalınmaz qüvvə
nəticəsində vergi ödəyicisinə
zərər dəydiyi hallarda ödəmə
müddəti uzadılmış məbləğə
bu müddət ərzində faiz hesablanmır.
Vergini birdəfəyə ödədiyi təqdirdə
vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi
yarandıqda, ödəmə müddəti
uzadılan məbləğə bu müddət
ərzində hər gün üçün
0,01 faiz miqdarında faiz tutulur.
2.6. Vergi orqanı 30 gün müddətində
vergi ödəyicisinin müraciətinə
baxır və onu əsaslandırılmış
hesab etdikdə, Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə və bu Qaydalara
uyğun olaraq vergi öhdəliklərinin yerinə
yetirilməsi müddətinin uzadılması
barədə Azərbaycan Respublikasının
Vergilər Nazirliyi tərəfindən təsdiq
edilmiş formaya uyğun qərar qəbul edir.
2.7. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması haqqında
müraciət etmiş vergi ödəyicisi
həmin öhdəliyin yerinə yetirilməsi
üçün girov verdikdə vergi orqanı
ilə vergi ödəyicisi arasında girov münasibətləri
Girov haqqında Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq bağlanmış girov
müqaviləsi ilə tənzimlənir.
2.8. Girov qoyulmuş əmlakın dəyərinin
müəyyənləşdirilməsi zərurəti
yarandıqda, bu dəyər Qiymətləndirmə
fəaliyyəti haqqında Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilir.
2.9. Girov müqaviləsinin qanunvericilikdə
nəzərdə tutulmuş qaydada etibarsız
hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini
ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı
ilə bağlı xərclər vergi ödəyicisi
tərəfindən ödənilir.
2.10. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması haqqında
qərarda vergi üzrə borcun məbləği,
ödənilmə müddəti, ödəmə
müddəti uzadılan verginin növü
(növləri), ödənilmə qaydası,
hesablanan faizlər, habelə girov və ya zəmanət
haqqında qeydlər edilməlidir.
2.11. Vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması haqqında
qərar qərarda göstərilən müddətdə
qüvvəyə minir.
3. Vergi öhdəliyinin yerinə yetirilməsinin
uzadılmış müddətinə vaxtından
əvvəl xitam verilməsi halları
3.1. Vergi öhdəliyinin yerinə yetirilməsinin
uzadılmış müddətinə aşağıdakı
hallarda vaxtından əvvəl xitam verilə
bilər:
3.1.1. vergi ödəyicisi vergi öhdəliyini
vaxtından əvvəl yerinə yetirdikdə;
3.1.2. bu Qaydaların 2.2.-ci bəndində nəzərdə
tutulmuş halda;
3.1.3. vergi orqanının vergi öhdəliyinin
yerinə yetirilməsi müddətinin uzadılması
barədə qərarının şərtlərinə
əməl edilmədikdə.
3.2.Bu Qaydaların 3.1.2-ci və 3.1.3.-cü
bəndlərində nəzərdə tutulmuş
hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin
uzadılmış müddətinə vaxtından
əvvəl xitam verilməsi haqqında qərar
vermiş vergi orqanı 5 gün müddətində
vergi ödəyicisinə bu barədə məlumat
verməlidir. Vergi ödəyicisi mə`lumatı
aldığı tarixdən 30 gün müddətində
borc məbləğini və ödəmə
gününə qədər həmin məbləğə
hesablanmış faizləri büdcəyə
ödəməlidir.
3.3. Vergi ödəyicisinin vergi öhdəliyinin
yerinə yetirilməsinin uzadılmış
müddətinin vaxtından əvvəl dayandırılması
barədə vergi orqanının və onların
vəzifəli şəxslərinin hərəkətindən
(hərəkətsizliyindən) şikayət
etmək hüququ vardır.