|
Auditor xidməti haqqında
Azərbaycan
Respublikası Qanunu
Bu Qanun Azərbaycan Respublikasında
auditor xidmətinin təşkilini, onun həyata
keçirilməsininin hüquqi əsaslarını,
auditorların funksiyalarını, hüquqlarını
və vəzifələrini müəyyən
edir, mülkiyyətçinin əmlak hüquqlarını
müdafiə edən müstəqil maliyyə
nəzarəti sisteminin yaradılmasını
nəzərdə tutur. Auditor xidməti ilə
baglı münasibətlər bu Qanunla, habelə
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları, beynəlxalq müqavilə və
sazişləri ilə tənzimlənir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun tətbiq sahəsi
Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi
tabeliyindən asılı olmayaraq Azərbaycan
Respublikası ərazisində fəaliyyət
göstərən bütün müəssisələrə,
təşkilatlara və idarələrə
(bundan sonra «təsərrüfat subyektləri»
adlandırılacaqdır) şamil edilir.
Maddə 2. Audit anlayışı
Audit - əmtəə istehsalı və satışı,
xidmət göstərilməsi və iş
görülməsi ilə məşğul
olan təsərrüfat subyektlərində
mühasibat uçotunun dəqiq və dürüst
aparılmasının, mühasibat və maliyyə
hesabatlarının müstəqil yoxlanılmasıdır.
Audit yoxlaması məcburi və ya könüllü
(təsərrüfat subyektinin öz təşəbbüsü
ilə) ola bilər. Qanunvericiliyə görə
öz maliyyə hesabatlarını dərc etdirməli
olan təsərrüfat subyektləri üçün,
habelə qanunvericilik aktları ilə bilavasitə
nəzərdə tutulmuş hallarda və ya
səlahiyyətli dövlət orqanının
müvafiq qərarına əsasən (sifarişi
ilə) həyata keçirilən audit məcburi,
digər hallarda isə - könüllüdür.
Maddə 3. Auditor xidməti
Təsərrüfat subyektlərində müqavilə
əsasında maliyyə-təsərrüfat
fəaliyyəti sahəsində yoxlama, ekspertiza,
təhlil aparmaq və yazılı rə`y vermək,
mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin
dürüstlüyünü təsdiq etmək
və auditorun peşə fəaliyyətinə
(auditor təşkilatının nizamnamə
məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat
münasibətləri sahəsində diğər
xidmətləri göstərmək auditor xidməti
hesab edilir. Auditor xidməti dövlət orqanlarının
öz səlahiyyətləri daxilində təsərrüfat
subyektlərinin fəaliyyətini yoxlamasını
istisna etmir.
Maddə 4. Sərbəst auditor
Sərbəst auditor Azərbaycan Respublikası
Auditorlar Palatasının (bundan sonra «Auditorlar
Palatası» adlandırılacaqdır) verdiyi
lisenziyaya əsasən respublika ərazisində
sərbəst auditor xidməti göstərmək
hüququnu əldə etmiş fiziki şəxsdir.
Maddə 5. Auditor təşkilatı
Auditor təşkilatı Auditorlar Palatasının
verdiyi lisenziya əsasında Azərbaycan Respublikası
ərazisində auditor xidməti göstərmək
hüququnu əldə etmiş və nizamnaməsinə
görə yeganə fəaliyyət sahəsi
bu xidmət növü olan hüquqi şəxsdir.
Auditor təşkilatı Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada bir və daha artıq təsisçi
tərəfindən yaradılır.
Maddə 6. Sərbəst auditor
olmağın şərtləri Azərbaycan
Respublikasında sərbəst auditor hüququnu
əldə etmək üçün aşağıdakılar
tələb olunur: a) Azərbaycan Respublikasının
vətəndaşı olmaq; b) məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü
ilə maliyyə-təsərrüfat münasibətləri
sahəsində müəyyən vəzifələr
tutma və ya müəyyən fəaliyyət
ilə məşğul olma hüququndan məhrum
edilməmək və ya bu növ cəza ilə
bağlı məhkumluğun qanunvericilikdə
müəyyən edilmiş qaydada ödənilməsi;
v) mühasibat uçotu, maliyyə, iqtisadçı
və hüquqşünas ixtisasları üzrə
ali təhsilə və ixtisas üzrə azı
üç il iş stacına malik olmaq; q) sərbəst
auditor imtahanlarını vermək. Tamah məqsədilə
cinayət törətmək üstündə
məhkum olunmuş və məhkumluğu ödənilməmiş
şəxslər auditor ola bilməzlər.
Öz ölkəsində auditor xidməti ilə
məşğul olmaq hüququ olan xarici ölkə
vətəndaşı Auditorlar Palatasının
rəsmi icazəsi ilə həmin hüquqdan
Azərbaycan Respublikası ərazisində istifadə
edə bilər.
Maddə 7. Auditor adını
almaq üçün imtahanların təşkili
Auditor adı almaq üçün imtahanlar
Auditorlar Palatasının tə`yin etdiyi komissiya
tərəfindən qəbul edilir. İmtahanlar
Auditorlar Palatasının Əsasnaməsində
nəzərdə tutulan qaydaya uyğun olaraq
təşkil edilir.
Maddə 8. Auditor rə`yi Auditor
rə`yi auditorun (auditor təşkilatının)
imzası və möhürü ilə təsdiq
olunmuş, audit aparılan təsərrüfat
subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat
əməliyyatlarının qanuniliyinə,
illik mühasibat hesabatları maddələrinin
doğruluğuna, mühasibat uçotunun ümumi
vəziyyətinə verdiyi qiyməti əks
etdirən və bütün hüquqi və
fiziki şəxslər, dövlət hakimiyyəti
və idarəetmə orqanları, habelə
məhkəmə orqanları üçün
hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
Səlahiyyətli dövlət orqanlarının
qərarına əsasən keçirilmiş
yoxlamanın nəticələrini əks etdirən
auditor rə`yi Azərbaycan Respublikası prosessual
qanunvericiliyinə uyğun olaraq tə`yin edilmiş
ekspertizanın rə`yi ilə bərabar tutulur.
Auditor rə`yinin vahid formasını və
onun tərtib edilməsində irəli sürülən
tələbləri Auditorlar Palatası Azərbaycan
Respublikası Mülki Məcəlləsinin
müvafiq tələblərini nəzərə
almaqla müəyyən edir.
II fəsil. Azərbaycan Respublikasında
auditor xidmətinin tənzimlənməsi
Maddə 9. Auditor xidmətinin
tənzimlənməsi Auditor xidmətinin dövlət
tənzimlənməsini təşkil etmək;
bu sahədə olan və Azərbaycan Respublikasında
auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə
yönəlmiş normativ aktların layihələrini,
tədbirlər sistemini hazırlamaq; dövlətin,
təsərrüfat subyektlərinin və auditorların
(auditor təşkilatlarının) mənafelərini
müdafiə etmək; öz fəaliyyətində
bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi
aktlardan irəli gələn tələblərə
auditorlar (auditor təşkilatları) tərəfindən
riayət edilməsinə nəzarət etmək
məqsədilə Azərbaycan Respublikasının
Auditorlar Palatası yaradılır. Auditorlar
Palatasının fəaliyyəti onun Əsasnaməsi
ilə tənzimlənir. Azərbaycan Respublikasının
Ali Soveti Auditorlar Palatasının Əsasnaməsini
təsdiq edir və onun rəhbərini tə`yin
edir.
Maddə 10. Auditor xidməti
ilə məşğul olmaq üçün
lisenziyanın verilməsi Sərbəst auditorlar
və auditor təşkilatları dövlət
qeydiyyatına alındıqdan sonra 5 il müddətinə
verilən lisenziya əsasında fəaliyyət
göstərirlər. Maddə 11. Sərbəst
auditorların və auditor təşkilatlarının
dövlət qeydiyyatı Auditor, auditor fəaliyyəti
ilə məşğul olmaq hüququ verən
lisenziyanı aldığı andan auditor xidməti
ilə məşğul olmaq hüququna malikdir.
Sərbəst auditorlar hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq üçün müəyyən
edilmiş qaydada uçota alınırlar. Auditor
öz fəaliyyətini sərbəst, yaxud
auditor təşkilatı ilə müqavilə
əsasında həyata keçirir. Onun başqa
növ fəaliyyətlə məşğul
olması qadağandır. Sərbəst auditorlar
öz fəaliyyətini əks etdirən gündəlikdən
istifadə edirlər. Gündəliyi onların
fəaliyyətinə nəzarət və aparılan
auditin keyfiyyətinin yoxlanılması üçün
Auditorlar Palatasına təqdim edirlər. Auditor
təşkilatları Azəpbajcan Respublikasının
müvafiq Qanunu ilə müəyyənləşdirilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanında
dövlət qeydiyyatına alınırlar.
Qanunvericiliklə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatından keçmiş
auditor təşkilatı Auditorlar Palatasından
lisenziya aldığı andan auditor xidmətini
həyata keçirmək hüququna malik olur.
III fəsil. Auditorların hüquqları,
vəzifələri və məs`uliyyəti
Maddə 12. Auditorların hüquqları
Sərbəst auditor və auditor təşkilatı
aşağıdakı hüquqlara malikdirlər:
bu Qanuna və sifarişçi ilə bağlanmış
müqavilənin şərtlərinə uyğun
olaraq auditin forma və metodlarını sərbəst
müəyyənləşdirmək; sifarişçinin
maliyyə-təsərrüfat fəaliyyətinə
dair bütün sənədlərlə (o cümlədən
kənar hüquqi şəxslərdə saxlanılan
sənədlərlə) tanış olmaq və
yoxlama üçün onları almaq, pul məbləğlərinin,
qiymətli kağızların, maddi sərvətlərin
mövcudluğunu yoxlamaq və audit üçün
lazım olan digər mə`lumatları almaq;
sifarişçinin rəhbərliyindən və
işçilərindən yazılı izahat
almaq; səlahiyyətli dövlət orqanlarının
sifarişi ilə auditor xidməti göstərərkən
müəyyən etdikləri pozuntu və nöqsanlar
haqqında onlar qarşısında məsələ
qaldırmaq; auditin keçirilməsinə müqavilə
əsasında başqa auditorları cəlb
etmək; yoxlanılan təsərrüfat subyekti
tərəfindən audit üçün lazım
olan sənədlərin təqdim edilməməsi
halında audit yoxlamasını keçirməkdən
imtina etmək.
Maddə 13. Auditorların vəzifələri
Sərbəst auditorların və auditor təşkilatlarının
vəzifələri aşağıdakılardan
ibarətdir: auditin aparılmasında Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə
hökmən riayət etmək; auditor yoxlamalarını
və digər auditor xidmətlərini keyfiyyətli
həyata keçirmək; bu Qanunun 18-ci maddəsində
göstərilmiş hallara görə auditin
aparılmasında iştirakının qeyri-mümkünlüyü
barədə dərhal sifarişçiyə
(səlahiyyətli dövlət orqanına)
xəbər vermək; sifarişçinin mühasibat
uçotunun və hesabatının vəziyyətini,
düzgünlüyünü, qüvvədə
olan qanunlara və normativ aktlara uyğunluğunu
yoxlamaq; auditin aparılması zamanı aşkar
edilmiş bütün pozuntular, mühasibat
uçotunun aparılması və hesabatların
tərtibi ilə bağlı nöqsanlar haqqında
sifarişçinin rəhbərliyinə mə`lumat
vermək; sifarişçinin tələbi ilə
aparılan audit zamanı əldə edilən
mə`lumatı (məhkəmə orqanlarının
tələb etdiyi hallar istisna olmaqla) məxfi
saxlamaq; yoxlama gedişində alınmış
və ya tərtib edilmiş sənədlərin
qorunub saxlanmasını tə`min etmək; təsərrüfat
subyektinin tələbi ilə ona auditin aparılmasına
dair qanunvericiliyin tələbləri, tərəflərin
hüquq və vəzifələri, habelə
auditorun rə`yində olan irad və nəticələr
üçün əsas olan normativ aktlar barəsində
ətraflı mə`lumatlar vermək; qanunvericiliklə
nəzərdə tutulmuş hallarda vergi hesabatına
dair auditor rəyi vermək.
Maddə 14. Auditorların məs`uliyyəti
Auditorlar və auditor təşkilatları öz
vəzifələrini lazımınca yerinə
yetirmədikdə Azərbaycan Respublikası
qanunvericiliyinə və sifarişçi ilə
bağlanmış müqavilənin şərtlərinə
uyğun olaraq əmlak məs`uliyyətinə
cəlb edilə bilərlər.
Maddə 15. Auditor xidməti
ilə məşgul olmaq hüququ verən lisenziyaların
geri alınması Auditora və ya auditor təşkilatına
Azərbaycan Respublikası ərazisində auditor
xidmətini həyata keçirmək hüququ
verən lisenziya aşağıdakı hallarda
Auditorlar Palatasının qərarı ilə
geri alına bilər: təqvim ili ərzində
üç dəfə keyfiyyətsiz audit apardıqda;
audit aparılması zamanı bu Qanunun və
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini
kobudcasına pozduqda; sərbəst auditor haqqında
maliyyə-təsərrüfat münasibətləri
sahəsində müəyyən vəzifələr
tutma və ya müəyyən fəaliyyət
ilə məşğulolma hüququndan məhrumetmə
cəzasını, habelə tamah məqsədilə
törədilmiş cinayətə görə
cəzanı nəzərdə tutan məhkəmənin
hökmü qanuni qüvvəyə mindikdə;
lisenziyanın verilməsindən sonra onun alınması
üçün auditor tərəfindən
doğru olmayan mə`lumatların təqdim edilməsi
faktı aşkar edildikdə; qanunvericilikdə
nəzərdə tutulmuş hallar istina olaraq,
audit zamanı əldə edilmiş mə`lumatlar
auditor tərəfindən təsərrüfat
subyektinin rəhbərinin (mülkiyyətçisinin)
razılığı olmadan üçüncü
şəxslərə verildikdə; bu Qanunun
18-ci maddəsi ilə nəzərdə tutulan
auditin aparılmasını istisna edən hallar
auditor (auditor təşkilatı) tərəfindən
gizlədildikdə.
IV fəsil. Azərbaycan Respublikasında
auditor xidmətinin təşkilinin ümumi
qaydası
Maddə 16. Təsərrüfat
subyektlərində auditor xidmətinin təşkili
Auditor xidməti bir tərəfdən sərbəst
auditor və ya auditor təşkilatı, digər
tərəfdən isə sifarişçi arasında
bağlanmış və yoxlamanın məzmununu,
aparılması müddətlərini, məsləhət
xidmətlərinin həcmini, ödəniş
məbləğini və qaydasını, eləcə
də tərəflərin məs`uliyyətini
nəzərdə tutan müqavilə əsasında
göstərilir. Sifarişçi auditorun öz
peşə vəzifələrini tam və keyfiyyətlə
yerinə yetirilməsinə bütün lazımi
şəraitin yaradılması üçün
məs`uliyyət daşıyır. Auditor öz
müştərisindən, eləcə də
bu işdə marağı olan hər hansı
üçüncü şəxsdən asılı
deyildir. Auditor və ya auditor təşkilatı
tərəfindən müqavilə şərtlərinin
yerinə yetirilməsi auditor rə`yinin təhvil-qəbul
aktı ilə müəyyən olunur. Auditor
rə`yi müyyən olunmuş forma əsasında
tərtib edilir.
Maddə 17. Auditor xidmətindən
istifadə üzrə təsərrüfat subyektinin
vəzifələri və hüquqları Təsərrüfat
subyektinin rəhbərliyi (mülkiyyətçisi)
auditin aparılması üçün zəruri
olan bütün sənədləri, registrləri
və hesabatları auditora təqdim etməlidir
və onların düzgünlüyünə
məs`uliyyət daşıyır. O, auditorun
sorğusuna dair yazılı və şifahi
izahatlar verməyə borcludur. Təsərrüfat
subyektləri auditor seçməkdə sərbəstdirlər.
Təsərrüfat subyektləri maliyyə-təsərrüfat
fəaliyyəti ilə bağlı bütün
məsələlər üzrə sərbəst
və ya auditor təşkilatları ilə
hər hansı müddətdə müqavilə
bağlamaq hüququna malikdirlər. Bu cür
müqavilələr yoxlama xarakteri daşıdıqda,
auditor yoxlamanın nəticələrinə
görə müəyyən olunmuş qaydada
akt tərtib edir.
V fəsil. Xüsusi müddəalar
Maddə 18. Auditor xidməti
sahəsində qadağanlar Yoxlanılan müəssisədə
şəxsi əmlak mənafeyi, yoxlanılan
müəssisənin rəhbərliyindən
hər hansı şəxslə birbaşa qohumluq
əlaqəsi, müəssisənin tə`sisçisi,
mülkiyyətçisi və ya səhmdarı
olduqda, müəssisədə bundan əvvəl
öz peşə fəaliyyəti ilə bağlı
xidmətlər göstərdikdə auditorlara
həmin müəssisələrdə audit
aparmaq qadağandır.
Maddə 19. Mübahisələrin
həll edilməsi Auditorla (auditor təşkilatı
ilə) onların sifarişçiləri arasında
meydana çıxan əmlak xarakterli bütün
mübahisələr Auditorlar Palatasında həll
edilə bilmədikdə məhkəmə tərəfindən
həll olunur. Auditor (auditor təşkilatı)
müəyyən edilmiş qaydada Auditorlar Palatasının
ona lisenziyanın verilməməsi və ya geri
alınması barədə, habelə auditor
təşkilatının hüquqi şəxs
kimi dövlət qeydiyyatına alınmaması
barədə qərarlarından məhkəməyə
şikayət edə bilər.
Maddə 20. Auditor təşkilatlarının
yoxlanılması Auditorlar Palatası auditor
təşkilatlarının maliyyə-təsərrüfat
fəaliyyətinin bu Qanunun müddəalarına
uyğunluğunu yoxlayır və onların
işinə nəzarət edir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri,
16 sentyabr 1994-cü il.
|